Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir (AR ƏM – Maddə 10).
Müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər (AR ƏM – Maddə 182.1).
Müəssisədaxili intizam qaydaları AR ƏM-nə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan müəssisədaxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir (AR ƏM – Maddə 182.3).
Müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir (AR ƏM – Maddə 183.1):
- müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı;
- iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar;
- növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları;
- əmək şəraitinin təmin edilməsi qaydaları;
- əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları;
- əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları.
Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən müəssisədaxili intizam qaydalarında AR ƏM-nin 183-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir (AR ƏM – Maddə 183.2).
Qeyd |
• Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən aşağıdakı həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər (AR ƏM – Maddə 185) :
- pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;
- əlavə məzuniyyət verilməklə;
- əmək haqqına fərdi əlavə edilməklə;
- daha yüksək məbləğdə fərdi sığorta edilməklə;
- sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;
- müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla;
- digər həvəsləndirmə vasitələri ilə.