Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır (AR ƏM – Maddə 68):
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin müddətinin qurtarması;
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi (AR ƏM – Maddə 63.2-də göstərilən işçilər);
d) tərəflərin iradəsindən asılı olmayan hallar;
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar AR ƏM-nin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya AR ƏM-nin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər (AR ƏM – Maddə 63.2).
AR ƏM – 56-cı maddəsinin 2-ci hissəsinə əsasən İşəgötürən əmək şəraitinin şərtlərini (AR ƏM-nin 55-ci maddəsində nəzərdə tutulan əmək şəraitinin əlavə şərtlərindən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. İşəgötürən bu xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçiyə xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. (AR ƏM – Maddə 77.4).
Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (“əmək şəraitinin şərtlərinin dəyişdirilməsi”) xitam verilə bilər (AR ƏM – Maddə 56.2).