Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ baza
Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin AR ƏM-də nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər (AR ƏM – Maddə 75.1).

Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər (AR ƏM – Maddə 75.2) :

a) tərəflərin qarşılıqlı razılığı;

b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə;

c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda;

ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə;

d) AR ƏM-nin 75-ci maddəsinin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər (AR ƏM – Maddə 75.3).

Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar işçinin və işəgötürənin AR ƏM-nin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır (AR ƏM – Maddə 75.4).

Əmək müqaviləsinə xitam verilməsinə dair, tərəflərin AR ƏM-də nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən, onların şərəf və ləyaqətini alçaldan, şərtlər müəyyən edilə bilməz (AR ƏM – Maddə 75.5).

Qeyd

• Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində aşağıdakı prinsiplərə əsaslanır (AR ƏM – Maddə 2.3). :

- tərəflərin hüquq bərabərliyinin təmin edilməsi;

- tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;

- tərəflərin maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;

- tərəflərin əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması