Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ baza
İşçinin əmək fəaliyyəti haqqında sənəd - Əmək kitabçası

İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir (AR ƏM - Maddə 87.1).

İşə qəbul olunan işçi əmək kitabçasını və şəxsiyyətini təsdiq edən sənədi işəgötürənə təqdim etməlidir (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI– 1.2).

İlk dəfə əmək müqaviləsi bağlanarkən əmək kitabçası tələb edilmir (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 1.3).

İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır (AR ƏM - Maddə 87.2).

Məcburi köçkün və ya qaçqın statusuna malik olan şəxslərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə (qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa) əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlana bilər (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 1.4).

Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən aparılır və təsdiq edilir (AR ƏM - Maddə 87.6).

Əmək kitabçası (əlavə içlik) verilən zaman işçidən əmək kitabçasına çəkilmiş xərclərin dəyəri tutulur. Əmək kitabçası və ona əlavə içlik işəgötürənin təqsiri üzündən xarab olarsa, əmək kitabçasının xərci işəgötürən tərəfindən ödənilir (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 1.4).