Hər il AR ƏM-də nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir (AR ƏM – Maddə 9).
İşəgötürən İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün AR ƏM ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə olunmasını təmin etməlidir (AR ƏM – Maddə 54.1).
İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, AR ƏM ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər (AR ƏM – Maddə 110.1).
Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də AR ƏM ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır (AR ƏM – Maddə 110.2).
İşçilərin AR ƏM ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz (AR ƏM – Maddə 110.3).
İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir (AR ƏM – Maddə 112) :
- əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
- sosial məzuniyyət;
- təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
- ödənişsiz məzuniyyət.
Qeyd |
• Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və AR ƏM-də nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır (AR ƏM – Maddə 111.1).
• Məzuniyyətdə olduğu müddət ərzində işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir (AR ƏM – Maddə 111.1).
• Məzuniyyətdə olduğu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir (AR ƏM – Maddə 111.1).
• Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər (AR ƏM – Maddə 111.2).
• Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən əlavə məzuniyyət verilməklə mükafatlandırıla bilərlər (AR ƏM – Maddə 185.1).
• Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz (AR ƏM – Maddə 189.2).
• İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (AR ƏM – Maddə 187.2).
• Məzuniyyət hüququnun həyata keçirilməsi zamanı yaranan mübahisələr fərdi əmək mübahisələrinin predmeti olaraq AR ƏM ilə nizama salınır (AR ƏM – Maddə 288).