Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ baza
Əmək məzuniyyəti və onun müddətləri

Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti AR ƏM-də nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır (AR ƏM – Maddə 113.1).

Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər (AR ƏM – Maddə 113.2).

Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər (AR ƏM – Maddə 113.3).

Əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti AR ƏM-də nəzərdə tutulmuş məzuniyyətdir (AR ƏM – Maddə 114.1).

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir (AR ƏM – Maddə 114.2). 

Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir (AR ƏM – Maddə 114.3):

- kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

- məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

- xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;

- təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

- elmi dərəcəsi olmayan elmi işçilərə;

- həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

Əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə 6 təqvim günündən az olmayan əlavə məzuniyyətlər verilir (AR ƏM – Maddə 115.1).

Əmək stajından asılı olaraq işçilərə aşağıdakı müddətdə əlavə məzuniyyət verilir  (AR ƏM – Maddə 116.1):

- beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü;

- on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü;

- on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü.

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir (AR ƏM – Maddə 117.1).

Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir (AR ƏM – Maddə 118.1):

- illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;

- bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);

- uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;

- təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;

- sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;

- elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;

- müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.

Aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir (AR ƏM – Maddə 118.2) :

- uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;;

- metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;

- ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə;

- məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;

- məşqçi müəllimlərə;

- elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.

Fizioloji keyfiyyətləri ilə bağlı olaraq 16 yaşından 18 yaşınadək işçilərə əmək məzuniyyəti 35 təqvim günündən az olmayaraq verilir (AR ƏM – Maddə 119.1).

Fizioloji keyfiyyətləri ilə bağlı olaraq aşağıdakı işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilməlidir (AR ƏM – Maddə 119):

- Yaşı 16-dan az olan işçilərə (AR ƏM – Maddə 119.1);

- Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə (AR ƏM – Maddə 119.2);

- sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə (AR ƏM – Maddə 119.2).

Aşağıdakı işçilərə əmək məzuniyyəti 46 təqvim günü müddətində verilməlidir (AR ƏM – Maddə 120):

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya ) alan işçilərə;

- Azərbaycanın Milli Qəhrəmanlarına;

- Sovet İttifaqı Qəhrəmanlarına;

- 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara;

- İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə.

Qeyd

• Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır (AR ƏM – Maddə 113.1).

• Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir (AR ƏM – Maddə 114.4).

• Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir  (AR ƏM – Maddə 114.5);

• Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir (AR ƏM – Maddə 114.6);

• Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin AR ƏM-nin 117.1-ci maddəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır (AR ƏM – Maddə 117.2);

• Əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır (AR ƏM – Maddə 117.3);

• Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir (AR ƏM – Maddə 115.2);

• Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir (AR ƏM – Maddə 131.6).

• Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə AR ƏM-nin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir (AR ƏM – Maddə 116.2).

• Aşağıdakı işçilərə AR ƏM-nin 116 və 117-ci maddələrində nəzərdə tutulan əlavə məzuniyyətlər verilmir:

- Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər (AR ƏM – Maddə 118);

- Fizioloji keyfiyyətləri ilə bağlı işçilər (AR ƏM – Maddə 119);

- Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər (AR ƏM – Maddə 120);

- Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçiləri (AR ƏM – Maddə 121).