- Qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
- Müvafiq peşələr (vəzifələr), istehsalatlar və digər hallar nəzərə alınmaqla qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;
- iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır (AR ƏM – Maddə 9).
İşəgötürən işçilər tərəfindən əmək funksiyasının AR ƏM ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin etməlidir (AR ƏM – Maddə 54).
Tam iş vaxtı müddəti AR ƏM ilə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır (AR ƏM – Maddə 89.1).
Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz (AR ƏM – Maddə 89.2).
Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz (AR ƏM – Maddə 89.3).
Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir (AR ƏM – Maddə 90.1).
İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Azərbaycan Respublikası Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər (AR ƏM – Maddə 90.2).
Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz (AR ƏM – Maddə 90.3).
Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) müəyyən edir (AR ƏM – Maddə 96.3).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215 saylı Qərarı” ilə təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normaları aşağıdakı kimi müəyyən edilmişdir :
-məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı - 30 saat;
-bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır);
- ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saat;
Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994№-li Sərəncamı ilə Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmışdır.
Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" 11.07.2016-cı il tarixli 270 nömrəli qərarına, "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumtəhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli 236-1 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara və bu Qaydalara uyğun aparılır və vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir (AR TN – ƏMR - F-346 - Qaydalar – 2.1).
Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir (AR TN – ƏMR - F-346 - Qaydalar – 2.2).
Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə bağlı aşağıdakı ardıcıllıq gözlənilməklə qərar qəbul edilir:
- dərs yükü müəssisədə çalışan ixtisaslı müəllimlər arasında bölüşdürülür;
- tabeçilik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir.;
- mərkəzləşdirilmiş müsabiqədə iştirak edərək keçid balı toplamış namizədlə yerli təhsili idarətemə orqanı və ərazi maliyyə hesablaşma mərkəzi ilə razılaşdırılmaqla əmək müqaviləsi bağlanılır.Qeyd olunanlar mümkün olmadığı halda sosial məzuniyyət yerinə müddətli əmək müqaviləsi ilə müəllimlərin işə qəbulu Qaydaların 4.5-ci bəndinə uyğun tənzimlənir. (AR TN – ƏMR - F-346 - Qaydalar – 2.6).
Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə yol verilir. (AR TN – ƏMR - F-346 - Qaydalar – 2.7).
İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər (AR TN – ƏMR - F-346 - Qaydalar – 2.8).
Qeyd |
• Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır (AR ƏM – Maddə 58.1).
• Əvəzçilik üzrə iş vaxtının müddəti AR ƏM-nin 89-cu maddəsi ilə müəyyən edilmiş (Yəni - gündəlik normal iş vaxtının müddəti 8 saatdan, Gündəlik normal iş vaxtına uyğun olaraq həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz) normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir (AR ƏM – Maddə 58.2).
• İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər (AR ƏM – Maddə 58.3).
• Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə AR ƏM-nin 58.5-ci (58.5. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir) və 58.6-cı (58.6.Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi AR ƏM-nin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər) maddələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir (AR ƏM – Maddə 58.4).
• Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir (AR ƏM – Maddə 58.5).
• Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi AR ƏM-nin 91-ci maddəsində (91.2. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır) onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər (AR ƏM – Maddə 58.6).
• Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə AR ƏM-nin 58-ci maddəsində nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur (AR ƏM – Maddə 58.7).