Qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir (AR ƏM – Maddə 9)
İşəgötürən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün AR ƏM ilə müəyyən edilmiş istirahət vaxtından istifadə olunmasını təmin etməlidir (AR ƏM – Maddə 54).
İş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir (AR ƏM – 103.1).
Fasilənin verilməsi vaxtı və davamiyyəti müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir (AR ƏM – Maddə 103.2).
Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır (AR ƏM – Maddə 103.3).
İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir (AR ƏM – Maddə 103.4).
İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər (AR ƏM – Maddə 103.5).
Hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır (AR ƏM – Maddə 104.1).
İş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir (AR ƏM – Maddə 104.2).
Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər (AR ƏM – Maddə 104.3).
Azərbaycan Respublikasının iş günü hesab edilməyən bayramları aşağıdakılardır (AR ƏM – Maddə 105.2) :
- Yeni il bayramı (yanvarın 1 və 2-si);
- Qadınlar günü (martın 8-i);
- Faşizm üzərində qələbə günü (mayın 9-u);
- Respublika günü (mayın 28-i);
- Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);
- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);
- Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u);
- Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);
- Novruz bayramı - beş gün;
- Qurban bayramı - iki gün;
- Ramazan bayramı - iki gün.
İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız AR ƏM-də nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər (AR ƏM – Maddə 105.3).
Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilib əhaliyə elan olunur (AR ƏM – Maddə 105.4).
Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir (AR ƏM – Maddə 105.5).
Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir (AR ƏM – Maddə 105.6).
Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər (AR ƏM – Maddə 105.7).
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir (AR ƏM – Maddə 105-1).
Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir (AR ƏM – Maddə 106).
AR ƏM-nin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir (AR ƏM – Maddə 107).
AR ƏM-nin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, AR ƏM-nin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır (AR ƏM – Maddə 108.1).
Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz (AR ƏM – Maddə 108.2).
AR ƏM-nin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi AR ƏM-nin 164-cü maddəsində nəzərdə tutulan qaydada ödənilir (AR ƏM – Maddə 109).
Qeyd |
• İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir (AR ƏM – Maddə 164.1) :
- əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
- aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
• İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər (AR ƏM – Maddə 164.2).
• İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir (AR ƏM – 165.3).
• Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir (AR ƏM – Maddə 244.1).
• Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır (AR ƏM – Maddə 244.2).
• Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır (AR ƏM – Maddə 244.3).