Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır (AR ƏM – Maddə 97.1).
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi 1 (bir) saat qısaldılır (AR ƏM – Maddə 97.2).
Gecə vaxtı görülən işlərə cəlb edilməsinə yol verilmir (AR ƏM – Maddə 98.1):
- Hamilə qadınların;
- 3 yaşınadək uşağı olan qadınların;
- Yaşı 18-dən az olan işçilərin
Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq Tibbi Sosial Ekspert Komissiyasının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər (AR ƏM – Maddə 98.2).
Qeyd |
• Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı Azərbaycan Respublikası Nazirlər Kabineti ("Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə" 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərar) tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir (AR ƏM - Maddə 166.1).
• Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir (AR ƏM -Maddə 166.2).
• Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə cəlb edilməsinə yol verilmir (AR ƏM - Maddə 242).
• Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə cəlb edilməsi qadağandır. Yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı axşam saat 20-dən səhər saat 7-dək olan müddət hesab edilir (AR ƏM - Maddə 254).