Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ baza
Sınaq müddəti

Əmək müqaviləsi bağlayarkən AR ƏM ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir (AR ƏM – Maddə  11.1).

Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər (AR ƏM – Maddə 51.1).

Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir (AR ƏM – Maddə 51.1).

Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir (AR ƏM – Maddə 51.2).

İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla  işdə olmadığı dövrlər (AR ƏM – Maddə 179) sınaq müddətinə daxil edilmir (AR ƏM – Maddə 51.2).

Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur (AR ƏM – Maddə 51.3).

Əmək müqaviləsi bağlanılarkən aşağıdakı hallarda sınaq müddəti müəyyən edilmir (AR ƏM – Maddə 52)  :

- yaşı 18-dən az olan şəxslərlə;

- müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

- hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

- təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

- ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

- iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

- tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.

Qeyd

• Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər (AR ƏM – Maddə 53.1).

Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir (AR ƏM – Maddə 53.2).

• İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız AR ƏM ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər (AR ƏM – Maddə 53.2).

• Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir (AR ƏM – Maddə 53.3).

• Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər (AR ƏM – Maddə 53.4).