Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ baza
Əmək müqaviləsinin forması

Əmək müqaviləsi yazılı formada bağlanır (AR ƏM - maddə 44).

Tərəflərin razılığı ilə əmək müqaviləsi AR ƏM-ə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir (AR ƏM - maddə 44).

Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır (AR ƏM - maddə 44).

QEYD

• Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi (AR ƏM-nin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla) bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (AR ƏM - maddə 49).

• Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir (AR ƏM - maddə 49).

• Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsı Nazirliyi) tərəfindən müəyyən edilir (AR ƏM - maddə 49).

• İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər (AR ƏM - maddə 200).

• Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır (AR ƏM - maddə 200).