Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər (AR ƏM - maddə 81.1).
Qanunveririliklə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır (AR ƏM - maddə 81.2).
İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır (AR ƏM – Maddə 85.1).
Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır (AR ƏM – Maddə 85.1).
İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir (AR ƏM – Maddə 85.2).
Göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır (AR ƏM – Maddə 85.3).
İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir (AR ƏM – Maddə 86.1).
Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir (AR ƏM – Maddə 86.2).
Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir (AR ƏM – Maddə 86.2)..
Qeyd |
• İşə qəbul barədə əmrin məzmunu bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olmalıdır.
• Ümumtəhsil müəssisəsinin əmr kitabında işçinin işə qəbulu barədə əmrin qeydiyyatı aparılır.
• İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
• Əmək müqaviləsinin məzmununa daxil olan şərtlər, məlumatlar həmin müqavilə tərtib edilərkən hökmən göstərilməlidir.
• AR ƏM-nə əlavə edilən nümunədə göstərilən əlavə müddəaların, şərtlərin hər biri konkret hallarda işəgötürən və işçi tərəfindən Əmək müqaviləsi bağlanarkən razılaşdırılaraq tərtib edilir. Lakin bütün hallarda işəgötürən Əmək müqaviləsinin məzmununu AR ƏM-nə əlavə edilən nümunədə göstərilən qaydada dolğun şəkildə tərtib etməyə borcludur.
• Əmək müqaviləsinin formasındakı boş yerlər əl ilə və ya makinada, kompüterdə səliqə ilə yazılmalıdır, məlumatların pozulmasına, qaralanmasına yol verilməməlidir.