Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ baza
Əmək kitabçasında düzəlişlər

İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 3.5).

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş həmin orqan tərəfindən aparılır (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 3.5).

Əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır” (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 3.6).

Əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 3.7).

İşçinin soyadının, adının, atasının adının əmək kitabçasında dəyişdirilməsi son iş yerində işəgötürən tərəfindən müvafiq sənədlərə əsasən aparılır. Belə halda hansı sənədlərə istinad edilməsi göstərilməlidir. Dəyişikliklər əmək kitabçasının birinci səhifəsində edilir. Təhsil, peşə, ixtisas haqqında dəyişikliklər də eyni qaydada aparılır (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 3.12).

Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 3.9).