Ümumtəhsil müəssisələrinin direktorları Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə işə təyin edilir ( “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.13 və 30.2-ci maddələri; Azərbaycan Respublikası Təhsil nazirinin “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” 26.08.2008-ci il tarixli 1019 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” 25.01.2011-ci il tarixli, 126 nömrəli və “Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi barədə” 11.03.2016-cı il tarixli 143 nömrəli əmrləri ).
Ümumi təhsil müəssisələrində işə yeni direktor müavinlərinin (təsərrüfat işləri üzrə direktor müavinləri istisna olmaqla) qəbulu ümumi təhsil müəssisəsində müəllim işləyən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il fasiləsiz pedaqoji stajı olan şəxslərin vəzifədə irəli çəkilməsi, yaxud Təhsil Nazirliyinin razılığı ilə yerli təhsili idarəetmə orqanı tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. (“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.13 və 30.2-ci maddələri; Azərbaycan Respublikası Təhsil nazirinin “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” 26.08.2008-ci il tarixli 1019 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” 24.11.2014-cü il tarixli, 1146 nömrəli əmrləri; AR TN – ƏMR - F-346 - Qaydalar – 4.9.).
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Müsabiqədə iştirak etmək üçün Təhsil Nazirliyinin rəsmi İnternet saytında ( www.edu.gov.az ; www.miq.edu.az ) «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulu vaxtı hər il Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və elan edilir (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.05.2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” – bundan sonra AR TN – ƏMR - F-346 - Qaydalar – 4.1).
Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış, xarici ölkədə aldığı təhsil haqqında sənədi tanınmış və ekvivalentliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə bilərlər. (AR TN – ƏMR - F-346 - Qaydalar – 4.2).
Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən müddətli müqavilə ilə işə qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar. (AR TN – ƏMR - F-346 - Qaydalar – 4.5.).
Mövcud qaydalara əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya həmin müəssisədə vakant yer olmadığı halda, rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfındən həyata keçirilir. (AR TN – ƏMR - F-346 - Qaydalar – 4.8.)
Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə bağlı aşağıdakı ardıcıllıq gözlənilməklə qərar qəbul edilir:
-dərs yükü müəssisədə çalışan ixtisaslı müəllimlər arasında bölüşdürülür;
-tabeçilik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir.
Qeyd olunanlar mümkün olmadığı halda sosial məzuniyyət yerinə müddətli əmək müqaviləsi ilə müəllimlərin işə qəbulu Qaydaların 4.5-ci bəndinə uyğun tənzimlənir. (AR TN – ƏMR - F-346 - Qaydalar – 2.6.)
Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi mərkəzləşdirilmiş müsabiqə yolu ilə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. (AR TN – ƏMR - F-346 - Qaydalar – 3.1)
İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir. (AR TN – ƏMR - F-346 - Qaydalar – 3.2)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin qərarda nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Bu şəxslərin əri və ya arvadı hərbçi olduqda, şəhid ailəsinin üzvü olduqda və ya ailə vəziyyəti ilə bağlı problemlər olduğu hallarda məsələyə fərdi qaydada Nazirlik tərəfindən baxılır. (AR TN – ƏMR - F-346 - Qaydalar – 3.3)
Vakansiyalara yerləşdirilmə zamanı Müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürülür. Namizədlər Müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya Diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişlərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər. (AR TN – ƏMR - F-346 - Qaydalar – 3.4.)
Aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanır:
- Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır;
- İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 (bir tam yüzdə beş) artım əmsalına vurularaq hesablanır;
- Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır. (AR TN – ƏMR - F-346 - Qaydalar – 3.5.)
Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi məsələsinə Nazirlik tərəfindən fərdi qaydada baxılır. Bu halda müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınır (AR TN – ƏMR - F-346 - Qaydalar – 3.6.).
Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet saytında yerləşdirilir, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. (AR TN – ƏMR - F-346 - Qaydalar – 5.12)
Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız Müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir. (AR TN – ƏMR - F-346 - Qaydalar – 4.6).
Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. (AR TN – ƏMR - F-346 - Qaydalar – 4.7.)
Ümumi, xüsusi və məktəbdənkənar təhsil müəssisələrində texniki işçilərin işə qəbulu fəhlə peşələrinin müvafiq Vahid Tarif-İxtisas Sorğu Kitabçalarındakı şərtlər gözlənilməklə müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
Məktəbdənkənar təhsil müəssisələrinin direktorları Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə işə təyin edilir ( Azərbaycan Respublikası Təhsil nazirinin “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” 26.08.2008-ci il tarixli 1019 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” 25.01.2011-ci il tarixli, 126 nömrəli əmrləri ).
Məktəbdənkənar təhsil müəssisələrinə pedaqoji işçilərin (dərnək rəhbəri, məşqçi-müəllim, təlimatçı və s.) işə qəbulu müvafiq təhsili idarəetmə orqanının razılığı ilə müəssisə rəhbərliyi tərəfindən həyata keçirilir (Azərbaycan Respublikası Təhsil nazirinin 15.02.2012-ci il tarixli, 46-25-883/16 №li məktubu).
Qeyd |
• İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və Qaydalar əsasında baxılır ( AR TN – ƏMR - F-346 - Qaydalar – 1.4).
• Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar məşğələlər və məktəbə hazırlıq qrupları üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 4. 3.)
• Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 5.6.)
Müəssisələrdə vakant yerlər müəssisə rəhbərliyi tərəfindən işləyən müəllimlər arasında dərs bölgüsü varislik və proporsionallıq prinsipləri gözlənilməklə, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında" 11.07.2016-cı il tarixli 270 nömrəli qərarına və "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin və ümumtəhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydalarının təsdiqi və diaqnostik qiymətləndirilmənin keçirilməsi barədə" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04.08.2017-ci il tarixli 236-1 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara və bu Qaydalara uyğun aparılmaqla müəyyənləşdirilir. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 2.1)
• Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbərliyi tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 2.2).
• Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar (son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, müəllimlər arasında keçirilən respublika səviyyəli müsabiqələrin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 2.3)
• Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 2.4)
• Çalşmanın yaş həddinə çatmış Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri ilə əmək münasibətləri “Çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanılması prosedurları barədə” Nazirliyin 02.04.2018-ci il tarixli F-223 nömrəli əmrinə uyğun tənzimlənir. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 2.5.)
• Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır (AR ƏM – maddə 10-1).
• “Ümumtəhsil müəssisələrində işləyən kompyuter sinif laborantlarının vəzifə uyğunluğuna dair aparılmış monitorinqin nəticələri: mövcud vəziyyət, problemlər və onların həlli yolları barədə” Təhsil Nazirliyi Kollegiyasının 17.10.2012-ci il tarixli qərarına əsasən kompyuter laborantı Dövlət Proqramı çərçivəsində İKT üzrə vahid proqram və strategiyası əsasında təlim kurslarından keçməlidir.
• Bütün təhsil müəssisələrində sosial məzuniyyətə çıxmış müəllimlərin dərs yükü ilk növbədə həmin təhsil müəssisəsində çalışan ixtisaslı kadrlara verilməlidir.
• İşə qəbul edilən pedaqoji kadrların təhsili, stajı, iş təcrübəsi və s. əsas götürülməklə ödəniş dərəcələri üzrə qoyulmuş tələblərə cavab verməlidir.